Televizor bizim həyatımızın tərkib hissəsidir. Təsvirlərin rənginə görə qara və rəngli televizorlar mövcuddur. Hazırda demək olar ki, əsasən rəngli televizorlardan istifadə edilir və televiziya ötürmələri üçün rəqəmli sistemlərin tətbiqi həyata keçirilir. Ona görə də hər bir istehlakçının bu avadanlıqları alarkən aldanmamaq üçün nə etməli olduğunu bilməsi vacibdir.
Televizorlar əsasən ekran tipinə, quruluşuna, ölçülərinə, qiymətinə görə təsnifləşdirilir. Hazırda televizorun ən geniş yayılmış növləri plazmalı, mayekristallı və işıqdiodlu olanlardır. Plazma televizorlar işə salınarkən qazın köməyi ilə təzyiq vurulur və ekran işıqlanır. Effektinə, kontrast və rəng ötürücülüyünə görə plazma televizorlar xüsusilə müsbət mənada seçilirlər. Plazma ekranlı televizorlar həmçinin işıqlılığına və böyük diaqonalda buraxıldığına görə digərlərini üstələyir və məhz bu baxımdan böyük ailələr üçün uyğundur.
Maye kristallı televizorlar ekranı maye kristallı hissələrdən ibarət olduğuna görə belə adlanırlar. İşə düşən zaman siqnalın təsiri ilə kristallar ekranda yerdəyişməyə məruz qalır, lampanın buraxdığı işıq bu cür tənzimlənir və displeydə görüntü bu yolla dəyişir. Üstünlüyü isə enerji sərfinin az olması, elektromaqnit dalğalarının mövcud olmamasıdr. Bu xüsusiyyətləri onlardan komputer üçün monitor kimi istifadə etməyə də imkan verir.
İşıqdiodlu (LED) televizor isə digərlərindən görüntüsünün təbii olması ilə seçilir. Bu modellərdə mikrosxem olduğuna görə istifadəçi görüntüsünü idarə edə, ehtiyac olduğu təqdirdə onun kontraslığını formatlaşdıra bilər. Bu cür televizorlar yüngül və nazik olduqlarına görə divarda xüsusilə gözəl görünürlər. Bundan əlavə onlar ensiz ekrana malikdir və xeyli az enerji sərf edir.
Televizorun qiyməti əsas etibarilə onun ekranının diaqonalından və funksiyalarından asılıdır.